Xolesterin yüksəlməsi səbəbləri müxtəlif olsa da, ən vacib səbəbi ailəvi irsi faktordur. Hətta ailəvi dislipidemiyalar dediyimiz kardioloq və endokrinoloqların nəzarət altında saxladığı xüsusi bir qrup xəstələr var ki, mütləq şəkildə müalicə tələb edir. Bundan başqa, ürək damar cərrahiyyəsi keçirən, ürək damar hadisələrinə yaxalanmış şəkərli diabeti olan xəstələrdə dünya protokollarının tövsiyə etdiyi rəqəmlərdə xolesterin göstəricilərini salmağa çalışırıq. Bir də endokrinoloq olaraq hipotireoidizm dediyimiz zob xəstəliyində də xolesterin miqdarı yüksələ bilər. Bu da bizim üçün ipucu verə bilir. Xolesterin mübadiləsinin pozulması qidalanmamızdan çox asılıdır. Biz qidalarımızda daha çox şəkərli qidalara və rafinə olunmuş un məmulatları və qeyri orqanik qidalanmalara üstünlük verəriksə, qan yağlarımız yüksəlmiş olar. Əhalimizin buna diqqət etməyini vacib sayıram.